“Carlsberg Group” ilə içki sənayesinin inkişafı üzrə strateji tərəfdaşlıq müzakirə edilib
“Carlsberg Group” ilə içki sənayesinin inkişafı və istehsal imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşüb.
Görüşdə “Carlsberg Group”la əməkdaşlığın inkişaf istiqamətləri və 2025–2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən işlər nəzərdən keçirilib.
Pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal və qablaşdırmanın lokallaşdırılması, həmçinin regionda yeni biznes imkanlarının yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanda içki sənayesinin inkişafı, istehsal imkanlarının genişləndirilməsi və investisiya əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.