Fövqəladə hallarla bağlı maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Xidmətin əməkdaşları üçün fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə iştirakçılara zəruri biliklərin çatdırılması olub.

Tədbirdə fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hallar, fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi tələbləri, dəm qazı təhlükəsindən qorunma yolları, taxıl sahələrində, habelə meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinin və Dövlət Yanğından Mühafizə hissələrinin 101 xidmət nömrəsinin təyinatı barədə ətraflı məlumat verilib.

İnteraktiv formada keçirilən tədbir zamanı videoçarxlar nümayiş etdirilib, slayd təqdimatları göstərilib və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.