“Gulf Oil International” və “Ashok Leyland” şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Gulf Oil International” şirkətinin sədri Sanjay Hinduja və “Ashok Leyland” şirkətinin sədri Dhiraj Hinduja ilə videokonfrans formatında görüşündə birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın “Hinduja Group” şirkətlər qrupuna daxil olan “Gulf Oil International” şirkətinin sədri Sanjay Hinduja və “Ashok Leyland” şirkətinin sədri Dhiraj Hinduja ilə videokonfrans formatında görüşüb.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye potensialı, nəqliyyat və enerji infrastrukturu, həmçinin regional bazarlara çıxış imkanları diqqətə çatdırılıb. Birgə layihələrin həyata keçirilməsi, texnologiya transferi və nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması üçün tərəfdaşlıq perspektivləri vurğulanıb.

Tərəflər sənaye, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat vasitələrinin yerli istehsalın təşviqi və investisiya üzrə işbirliyini müzakirə ediblər.

“Hinduja Group” 1914-cü ildə təsis edilmiş beynəlxalq şirkətlər qrupudur. Şirkətlər qrupu 38 ölkədə fəaliyyət göstərir və 100-ə yaxın ölkədə biznes əməliyyatlarına malikdir. 250 mindən çox əməkdaşı olan qrup sürtkü materialları və xüsusi kimyəvi maddələr, bank və maliyyə xidmətləri, rəqəmsal texnologiyalar, enerji, daşınmaz əmlak, səhiyyə və s. istiqamətlər üzrə fəaliyyət göstərir. 1984-cü ildə qrupa daxil edilmiş “Gulf Oil International” və kommersiya nəqliyyat vasitələri istehsalçısı “Ashok Leyland” qrupun əsas şirkətləri sırasında yer alır.