Kazım Hüseynəliyev: Naxçıvanda tekstil sənayesi inkişaf mərhələsinə qədəm qoyub

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına göstərdiyi diqqət və dəstəyin nəticəsi olaraq, bu gün muxtar respublikada özəl sektor sürətlə inkişaf edir, yeni iş yerləri yaradılır və sahibkarlıq mühiti daha da təkmilləşdirilir.

Bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev deyib.

Nazir bildirib ki, bu gün Naxçıvan şəhərində yeni tekstil müəssisəsinin açılışı baş tutub və bu, cari ay ərzində istifadəyə verilən ikinci tekstil müəssisəsidir. Onun sözlərinə görə, bu fakt Naxçıvanda yüngül sənayenin əsas istiqamətlərindən biri olan tekstil sənayesinin inkişaf etdiyini göstərir.

Kazım Hüseynəliyev qeyd edib ki, əldə olunan uğurların əsasında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, sahibkarlığa göstərilən dövlət dəstəyi, eləcə də muxtar respublikada formalaşdırılan əlverişli biznes mühiti dayanır.

Nazirin sözlərinə görə, bu ilin 1 yanvarından qüvvəyə minən qanuna əsasən, Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün vergi, gömrük və sosial sığorta sahələrində güzəştlər tətbiq olunur və iş adamları artıq bu imkanlardan fəal şəkildə yararlanırlar.

O, həmçinin xatırladıb ki, dövlət başçısının bu ay imzaladığı fərmana əsasən, sentyabrın 1-dən etibarən Naxçıvanda istehsal olunan məhsulların Azərbaycanın digər bölgələrinə daşınması zamanı nəqliyyat xərclərinə subsidiya veriləcək. Bu dəstək yeni açılan müəssisə ilə yanaşı, fəaliyyət göstərən və gələcəkdə yaradılacaq digər istehsal müəssisələrini də əhatə edəcək.

Nazir vurğulayıb ki, həyata keçirilən tədbirlər yerli istehsalçıların rəqabət qabiliyyətinin artırılmasına, daxili bazarın tələbatının ödənilməsinə, ixrac imkanlarının genişlənməsinə və idxaldan asılılığın azaldılmasına mühüm töhfə verəcək.

Kazım Hüseynəliyev bildirib ki, layihədə Türkiyədən olan investorun iştirakı Naxçıvanın xarici investisiyalar üçün cəlbedici məkan olduğunu bir daha təsdiqləyir. O, müəssisədə çalışanların böyük əksəriyyətinin qadınlardan ibarət olduğunu qeyd edərək bunun qadın məşğulluğunun və iqtisadi fəallığının artırılmasına xidmət etdiyini diqqətə çatdırıb.

Nazir əlavə edib ki, açılışı həyata keçirilən tekstil müəssisəsi 2025-ci ilin dekabrında İnvestisiya Təşviqi Sənədi alıb. Bu sənəd sayəsində müəssisənin idxal etdiyi avadanlıqlar və xammallar gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunur. Onun sözlərinə görə, bu güzəştlər istehsal xərclərinin azalmasına, məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə və müəssisənin fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaradır.